Vladimer Putin - “Azərbaycan Hava Yolları”nın təyyarə qəzası ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək
Vladimer Putin - “Azərbaycan Hava Yolları”nın təyyarə qəzası ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək

 

Rusiya Prezidenti Vladimer Putin bildirir ki, “Azərbaycan Hava Yolları”nın təyyarə qəzası ilə bağlı rus tərəfi kompensasiyalar baxımından lazım olan hər şeyi edəcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Bu barədə Vladimer Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Putin qeyd edib ki, təyyarə qəzasından qısa müddət sonra telefon danışığı zamanı azərbaycanlı həmkarından “faciənin məhz Rusiya səmasında baş verdiyinə” görə üzr istəyib.

“İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk. İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar” – Rusiya Prezidenti qeyd edib.

O, fəlakətin bir neçə amillə əlaqədar olduğunu bildirib. Birincisi, hadisə zamanı Ukraynaya məxsus pilotsuz uçuş aparatının Rusiyanın hava məkanında olmasıdır.

Putin bildirib ki, ikinci səbəb Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqdır, buna görə də buraxılan iki raket təyyarənin yaxınlığında partlayıb.

Putinin qeyd etdiyi kimi, təyyarənin ekipajına həmçinin Mahaçqalaya eniş etmək təklif olunub, lakin o, qalxdığı hava limanına qayıtmaq qərarını verib.

“Sözsüz ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytara bilmir. Bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Son nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Ümumilikdə, mən Sizə əsasən görüşümüzdən əvvəl – dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım” – Putin bildirib.

Əliyev öz növbəsində təyyarə qəzası ilə bağlı vəziyyəti şəxsən nəzarətinə götürdüyünə görə Vladimer Putinə təşəkkür edib.

“Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələni müzakirə etməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim” – İlham Əliyev qeyd edib.

“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsi 2024-cü ilin fevralın 25-də Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb. Göyərtdə 62 sərnişin və ekipajın beş üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub. İlkin araşdırmalara əsasən, təyyarə Rusiya raketinin dəyməsi səbəbindən düşüb.