Vitali Kliçko – Şəhərimizə daha bir hücum həyata keçirildi, inanmıram ki, ruslar bu müharibəni dayandırmaq istəyirlər, çünki Putinin əsas məqsədi rus imperiyasını bərpa etməkdir
Kiyevin meri Vitali Kliçko rus pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücumun yerini ziyarət edib və bunun “genosidin daha bir nümunəsi” olduğunu bəyan edib.
“Dünən gecə şəhərimizə daha bir hücum həyata keçirildi. Altı rayon zərər gördü, çoxlu binalar dağıldı, onlardan biri arxamda yerləşir. Hazırda deyə bilərik ki, dörd nəfər həlak olub və onların arasında 12 yaşlı qız da var. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib, 13 nəfərə isə tibbi yardım göstərilib. Biz insanların köməyinə çatmaq və problemlərin həll olunması üçün əlimizdən gələni edirik”, – deyə Kliçko bildirib.
Kiyev merinin sözlərinə görə, hücumlar Rusiyanın sülh sazişinə nail olmaq istəmədiyini sübut edir.
“Hər kəs bu müharibənin dayandırılması üçün diplomatik həll yoluna ümid edir, amma biz müzakirələrin nəticəsini görürük – bir tərəfdən, Rusiya Federasiyası yalnız hərbi obyektlərin onların hücum hədəfi olduğunu deyir, amma fakt odur ki, insanlar ölür. Mən inanmıram ki, ruslar bu müharibəni dayandırmaq istəyirlər, çünki Putinin əsas məqsədi rus imperiyasının bərpasıdır”, – deyə Kiyev meri vurğulayıb.