Viktor Orban seçkilərdə məğlubiyyətdən qorxmadığını, seçkilərdəki əsas rəqibinin isə müxalifət deyil, Brüssel olduğunu bildirir
Viktor Orban seçkilərdə məğlubiyyətdən qorxmadığını, seçkilərdəki əsas rəqibinin isə müxalifət deyil, Brüssel olduğunu bildirir

 

Macarıstanın Baş naziri Viktor Orban növbəti seçkilərdə məğlubiyyətdən qorxmadığını bildirir. Orban bu bəyanatı son sosioloji sorğuların Orbanın əsas rəqibi, “TISZA” partiyasının lideri Peter Maqiarın ondan xeyli irəlidə olduğunu göstərməsi fonunda verib.

Orban “Politiko”ya müsahibəsində müxalifətdə olmaq “təcrübəsinə” malik olduğunu və mümkün siyasi gələcəyindən narahat olmadığını bildirib.

“Mən təkcə baş nazir olmaqda deyil, həm də müxalifətin lideri olmaqda rekordçuyam. Təcrübəm var. 16 ilimi müxalifətin liderliyində keçirmişim” – Orban bildirib.

Bu müsahibədə Macarıstanın Baş naziri bir daha Avropa İttifaqını tənqid edib və qarşıdan gələn seçkilərdə əsas rəqibinin Peter Maqiar deyil, Brüssel olduğunu bildirib. Orban Avropa İttifaqının Macarıstanı şantaj etdiyini deyib.

“Avropa İttifaqı bizim üçün təhlükədir. Onlar bizi şantaj edirlər. Onlar bizi iqtisadi və maliyyə cəhətdən boğmağa çalışırlar. Brüssel Macarıstanda hakimiyyəti dəyişmək istəyir. Onlar Macarıstanda Polşada etdikləri kimi, Brüsselin miqrasiya, iqtisadiyyat və müharibə məsələləri ilə bağlı göstərişlərini yerinə yetirən hökumətin olmasını istəyirlər” – Orban bildirib.