Vətəndaşların bir hissəsi İctimai Yayımçı üzərində öz diktəsini qurmağa çalışır - Qəyyumlar Şurasının bəyanatı
Vətəndaşların bir hissəsi İctimai Yayımçı üzərində öz diktəsini qurmağa çalışır - Qəyyumlar Şurasının bəyanatı

 
Gürcüstanın İctimai Yayımçısının Qəyyumlar Şurasının üzvləri ayrı-ayrı liderlərin və ictimai fəalların sanki hazırda ölkədə İctimai Yayımçı uğrunda mübarizə gedirmiş kimi aksiya iştirakçılarına müraciət etmələrindən və onlara yanvarın 29-da toplaşmağa və guya təkrar seçkilərə nail olmaq üçün strateji qələbə olacağını dedikləri İctimai Yayımçı üzərində qalib gəlməyə dair çağırışlarından hədsiz narahatlıq ifadə edirik.

Düşünürük ki, bu cür çağırışları diqqətdən kənarda qoymaq olmaz, çünki ölkədəki emosional fonu nəzərə alsaq, bəziləri həqiqətən də İctimai Yayımçı üzərində “qələbənin” strateji uğur üçün ilkin şərt olacağına inana bilər, halbuki belə bir çağırış gözlənilməz əməllərə və ağır nəticələrə gətirib çıxara bilər.

Buradaca bildirmək istərdik ki, ölkəmizdə İctimai Yayımçı uğrunda mübarizə getmir, əksinə, vətəndaşların bir hissəsi seçkinin nəticələrinə etiraz edir və yeni seçkilər tələb edir, buna görə də aksiyalar keçirir. İctimai Yayımçı bunu geniş və əhatəli şəkildə işıqlandırır, inkişaf edən hadisələr haqda qərəzsiz şəkildə tamaşaçıya məlumat verməyə çalışır.

Vətəndaşların bir hissəsi (aralarında ayrı-ayrı siyasi partiyalara bağlı olan özəl televiziyaların əməkdaşları xüsusilə fəaldır) bu vəziyyətdən istifadə edir və İctimai Yayımçı üzərində öz diktəsini qurmağa çalışır. Yeni seçkilər təyin etmək üçün İctimai Yayımçı üzərində tam nəzarəti əldə etməlidirlər – onlar getdikcə daha çox təkidlə bu fikri yayırlar və bu məqsədlə İctimai Yayımçının əməkdaşlarına qarşı ağır bullinq və təhdid kampaniyası aparılır.

Bütün cəmiyyət qarşısında hər gün mediaya təzyiqlər edilir, demokratiyanın təməl standartlarına məhəl qoyulmur. Görünür, bəziləri İctimai Yayımçının müstəqilliyinin Konstitusiya və qanunla qorunduğunu və onun redaksiya siyasətinə müdaxilənin qəbuledilməzliyini, eləcə də İctimai Yayımçıya qonaq olaraq kimi dəvət etməsini kiminsə diktə etməsinin yolverilməzliyini unudurlar.
Televiziya işçilərinin özləri ilə yanaşı, bu qrupdan fərqli fikirlərini bildirməyə cəsarət edən qonaqlar da bullinqə məruz qalır və təqib edilir.

İctimai Yayımçı üzərində qələbə qazanılması və rəhbərliyin dəyişdirilməsi çağırışları tez-tez edilir ki, bu da ifadə azadlığının həddini xeyli aşır və mediaya kobud təzyiq formasını qazanır.

Qanunla müəyyən edilib ki, İctimai Yayımçının Qəyyumlar Şurasını parlament, Qəyyumlar Şurası isə direktoru seçir. Odur ki, “rəhbərliyin dəyişdirilməsi” və yeni direktorun təyin edilməsi ilə bağlı istənilən çağırışlar qanuna uyğun deyil və birbaşa zorakılığa dair eyhamlar ehtiva edir.

Düşünürük ki, ictimaiyyət maraqlanmalıdır : bu qrup İctimai Yayımçı üzərində necə və hansı üsulla qələbə qazanmaq, ya da, açıq desək, onu ələ keçirmək niyyətindədir?! Onlar indiki Qəyyumlar Şurasını və rəhbərliyi televiziyadan necə uzaqlaşdırıb öz istədikləri direktoru təyin etmək niyyətindədirlər?!

Bu suallara yalnız bir cavab görürük: məcburiyyət! Yəni şura və rəhbərlik televiziyanı məcburiyyət altında tərk etməlidir və bununla, eyni zamanda, İctimai Yayımçı hüquq sahəsindən tamamilə çıxacaq. Bəlkə kiminsə bu suallara başqa cavabı var?!

 

 

 

Bəyanatı imzalayırlar: Tamila Dolidze, Qiorqi İakobaşvili, Qiorqi Koxreidze, Vasil Mağlaperidze, Qriqol Murğulia, Bondo Mdzinaraşvili, İzabela Osipova, Soso Sturua.