Venesuelada iki güclü zəlzələ və təkrar təkanlar dağıntıya səbəb olub, ilkin məlumatlara əsasən, ən azı 32 nəfər həlak olub, 700 nəfər isə yaralanıb
Venesuelada baş verən iki zəlzələ və 30-a yaxın təkrar təkanlardan sonra Karakas və digər yerlərdə binalar uçub, nəticədə ilkin məlumatlara əsasən, ən azı 32 nəfər həlak olub və 700 nəfər yaralanıb. Məlumatı “Reuters” Venesuela Prezidenti Delsi Rodriqesə istinadən yayır.
Delsi Rodriqesin sözlərinə əsasən, bunlar ilkin rəqəmlərdir və zəlzələ nəticəsində ən çox zərər çəkmiş Karakas yaxınlığındakı La Quayra bölgəsində qeydə alınan itkiləri əhatə etmir.
“Onlarla bina uçub və hazırda biz tanrının icazə verdiyi qədər daha çox insan həyatını xilas etmək üçün çox intensiv axtarış-xilasetmə işləri həyata keçiririk. Həmçinin, demək istəyirəm ki, bu, əsl faciədir. Biz onlara həmrəylik mesajımızı göndərir, yaxınlarını itirən ailələrə isə bu çətin anlarda başsağlığımızı və dəstəyimizi bir daha təsdiqləyirik” – Venesuela Prezidenti bildirib.
Zəlzələlərdən sonra Rodriqes ölkədə fövqəladə vəziyyət elan edib.
“Reuters”in məlumatına əsasən, iki güclü zəlzələ bir dəqiqədən az fərqlə baş verib. 7.2 maqnitudalı ilk zəlzələnin episentri İarakuy ştatında San Felipedə qeydə alınıb, bundan bir dəqiqədən də az vaxt keçdikdən sonra daha güclü – 7.5 maqnitudalı növbəti zəlzələ baş verib. ABŞ-nin Geoloji Xidmətinin məlumatına əsasən, həlak olanların sayı ehtimal ki, 10 000 nəfəri aşacaq.