Venesuelada ABŞ-ın hərbi əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurası yanvarın 5-də fövqəladə iclas keçirəcək
Venesuelada ABŞ-ın hərbi əməliyyatı ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurası yanvarın 5-də fövqəladə iclas keçirəcək. Diplomatik mənbələrin məlumatına görə, Rusiya və Çin tərəfindən dəstəklənən Kolumbiya 15 üzvdən ibarət Şuranın toplantısının çağırılmasını tələb edib.
Oktyabr və dekabr aylarında BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında gərginliyin eskalasiyası ilə bağlı iki dəfə toplanmışdı. BMT yanvarın 3-də bəyanat yayıb və bildirilib ki, BMT-nin Baş katibi Antonio Quterreş “Venesuelada son vaxtlar baş verən eskalasiyadan dərin narahatlıq keçirir” və ABŞ-ın addımları “təhlükəli presedent yaradır”.
“O, beynəlxalq hüquq qaydalarına əməl olunmamasından dərin narahatlıq keçirir”, – deyə Quterreşin mətbuat katibi Stefan Düjarrik bildirib.