Vatikanda bugünkü iki raund nəticəsində, kardinallar Roma Papasını yenidən seçə bilməyiblər
Vatikanda konklavın ikinci günüdür. Sikstin kapellasının bacasından yenidən qara tüstü çıxıb, bu isə o deməkdir ki, günün birinci yarısında səsvermənin iki raundu nəticəsində kardinallar Roma Papasını yenidən seçə bilməyiblər.
Pontifikin seçilməsi üçün kardinalların üçdə ikisinin səsi lazımdır.
Konklavda 70 ölkədən, yaşı 80-dən aşağı olan 133 kardinal iştirak edir. Fransisk onlardan 100-dən çoxunu kardinal olaraq təqdis edib.
Günün birinci yarısında səsvermənin iki raundundan sonra kardinallar Santa Marta iqamətgahına keçəcəklər. Fasilədən sonra onlar bu gün daha iki səsvermənin keçiriləcəyi Sikstin kapellasına qayıdacaqlar.
Konklavın ilk günü, mayın 7-də səsvermə bir dəfə keçirildi və bacadan çıxan qara tüstü kardinalların Roma Papasını seçə bilmədiklərini dünyaya bəyan etdi. Konklavın hər növbəti günündə səsvermənin dörd raundunun keçirilməsi mümkündür. Kardinalların Santa Martanın evi ilə Sikstin kapellası arasında hərəkəti sərtləşdirilmiş təhlükəsizlik tədbirləri ilə həyata keçirilir.
Roma Papasının seçilmə proseduru məxfidir. Konklavın başlanmasından yeni Papanın seçilməsinə qədər kardinallara xarici aləmlə bütün növ ünsiyyət qadağan edilir. Onların internetə, telefonlara və mediaya çıxışı yoxdur.
Bu mərhələdə bir neçə kardinal papalığa əsas namizəd kimi nəzərdən keçirilir. Birinci namizəd kardinal Pietro Parolindir. 70 yaşlı veteran diplomat Roma Papası Fransiskin dövlət katibi və faktiki olaraq, Müqəddəs Taxtın baş naziri idi. Papa seçilməyə favoritlər arasında daha bir italiyalı, Bolonya arxiyepiskopu Mateo Dzupi göstərilir. O, namizədlər arasında ən proqressiv hesab olunur. Daha bir namizəd isə 2023-cü ildə kardinal olan Qüdsün Latın Kilsəsinin patriarxı Pierbatista Pitsabaladır. 72 yaşlı macar Peter Erdo mühafizəkarlar arasında aparıcı namizəd hesab olunur. Papalığa daha bir namizəd kardinal Luis Antonio Taqledir və seçilməsi halında, o, ilk asiyalı Papa olacaq. Kardinal Ambonqo Besunqu Papalığa namizəd hesab olunur. Papa Fransisk tərəfindən seçilmiş Besunqu Afrikanın ən görkəmli katolik liderlərindən biridir.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Vəsiyyətinə əsasən, pontifiki Romadakı Santa Maria Macore məbədində dəfn ediblər.