Vaşinqtonda təyyarənin qəzaya uğradığı yerdə 19 cəsəd tapılıb
Vaşinqtonda Reyqan Milli Hava Limanı yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə 19 cəsəd tapılıb. Hüquq-mühafizə orqanları bu haqda məlumatı mediaya təsdiqləyirlər.
Amerika Birləşmiş Ştatlarınn Fiqurlu Konkisürmə Federasiyası təsdiqləyib ki, Kanzas ştatından qayıdan onların komandasının üzvləri – idmançılar, məşqçilər və ailə üzvləri təyyarədə olublar.
Xilasetmə əməliyyatında 300-ə yaxın xilasedici iştirak edir. Hava küləkli, dumanlı olduğundan və su donduğundan ağır şəraitdə işləməli olurlar.
Xilasetmə əməliyyatı bütün gecə boyu davam edəcək. Rəsmi şəxslər gün ərzində əlavə məlumat yayacaqlar.
Məlumat üçün bildirək ki, 64 nəfərin olduğu “American Airlines”ın sərnişin təyyarəsi Amerika Birləşmiş Ştatlarının ordusuna məxsus “Black Hawk” tipli helikopterlə toqquşub. Qurbanların dəqiq sayı hələlik bilinmir.