Vaşinqtonda hökumət binalarının ətrafına qoruyucu hasarlar çəkiblər
Vaşinqtonda Ağ Ev, Kapitoli, Xəzinədarlıq Departamenti və vitse-prezidentin iqamətgahı da daxil olmaqla hökumət binalarının ətrafına qoruyucu hasarlar çəkiblər.
Hasarların hündürlüyü 2,4 metrdir. Oxşar qoruyucu hasarlar Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin günün sonunda seçki kampaniyasının üzvləri və sponsorları ilə birlikdə gedəcəyi və seçki prosesini müşahidə edəcəyi Hovard Universitetinin yaxınlığına da çəkilib. Bitişik küçə isə bazar ertəsi axşam saatlarından bağlanıb.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın öz komandası ilə birlikdə seçkidən sonra ziyafət keçirməyi planlaşdırdığı Florida ştatının Palm Biç dairəsində də qoruyucu hasarlar quraşdırılıb. Burada da bitişik küçələr bağlanacaq.
“McDonald’s” və kafelər mümkün iğtişaşlara görə vitrinlərini bağlayıblar. “Forbes”in yazdığı kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları gözlənilən təhlükələrlə bağlı hər hansı məlumata malik deyillər və bu tədbirlər yalnız qabaqlayıcı xarakter daşıyır.