Varketili yaşayış massivindən Vake istiqamətində N309 marşrutu üzrə 18 metrlik avtobuslar fəaliyyət göstərəcək
İyulun 11-dən etibarən sərnişinlərə Varketili yaşayış massivindən Vake istiqamətində hərəkət edən N309 marşrutu üzrə 18 metrlik avtobuslar xidmət göstərəcək.
Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında məlumat verib.
Onun sözlərinə görə, nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə gündəlik olaraq müəyyən istiqamətlər üzrə müşahidələr aparılır, mövcud problemlər və həyata keçirilməli dəyişikliklər müəyyən edilir.
“Bələdiyyə nəqliyyatının marşrutlarında dəyişikliklər sərnişin xidmətinin yaxşılaşdırılması məqsədilə davam edir. Biz hər gün konkret istiqamətlərdə hansı problemlərin həll edilməli olduğunu və hansı dəyişikliklərin həyata keçirilməsinin vacib olduğunu izləyirik.
İyulun 11-dən etibarən Varketili yaşayış massivindən Vake istiqamətində sərnişinlərə xidmət göstərən N309 marşrutunda hərəkət edən avtobuslar 18 metrlik avtobuslarla əvəzlənəcək. Bu dəyişikliklər həmin marşrut üzrə sərnişindaşıma imkanını iki dəfə artıracaq və dayanacaqlarda gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə Kaxa Kaladze bildirib.
Mer əlavə edib ki, son dövrdə N321, N339 və N385 marşrutlarında da 18 metrlik avtobuslar istifadəyə verilib.