"Varketili" metro stansiyası avqustun 26-dan sərnişinlərə xidməti bərpa edəcək
“Varketili” metro stansiyası sabahdan etibarən sərnişinlərin qəbuluna açılacaq, lakin cari bərpa işləri səbəbindən stansiya sərnişinlərə dəyişdirilmiş iş qrafiki ilə xidmət göstərəcək. Məlumatı Tbilisi Meriyası yayır.
Tbilisi Meriyasının məlumatına əsasən, standart iş qrafikindən fərqli olaraq, metro stansiyası fəaliyyətə saat 07:00-da başlayacaq və saat 23:00-da fəaliyyətini bitirəcək. Digər metro stansiyalarına gəlincə isə, onlar sərnişinlərə adi rejimdə xidmət göstərəcəklər.
“Bundan başqa, sərnişinlərin sürətli və maneəsiz hərəkətini təmin etmək məqsədilə eskalatorların istiqaməti dəyişdiriləcək və enən sərnişinlər sağ eskalator əvəzinə sol eskalatordan istifadə edəcəklər, qalxan sərnişinlər isə stansiyanı sağ eskalatorla tərk edə biləcəklər. “Varketili” metro stansiyası iyulun 12-də fəaliyyətini dayandırdı, bu müddətdə maili tunelin çuqun dayaqları və aşağı platformanın dəmir-beton tağının bərpa işləri görüldü. Qeyd olunan metro stansiyasının tam bərpası cari ilin sonunda başa çatacaq” – yayılan məlumatda deyilir.