Vaxtanq Tsintsadze - Son dörd il ərzində Gürcüstanda 150 000-dən çox iş yeri yaradılıb, yoxsulluq isə yarıya enib
Vaxtanq Tsintsadze - Son dörd il ərzində Gürcüstanda 150 000-dən çox iş yeri yaradılıb, yoxsulluq isə yarıya enib

 

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze son 4 il ərzində Gürcüstanın iqtisadi artım göstəricilərini qiymətləndirib.

O bildirib ki, hesabat dövründə Gürcüstanın iqtisadi artımı orta hesabla 9.7 faiz təşkil edib və bu göstərici ilə Gürcüstan iqtisadi artım baxımından qlobal səviyyədə lider ölkələrdən biridir.

Nazir müavininin qeyd etdiyi kimi, dörd ildə adambaşına düşən Ümumi Daxili Məhsul faktiki olaraq iki dəfə artıb və demək olar ki, 25 000 lariyə bərabər olub.

“Qeyd edilməlidir ki, iqtisadi artım bu dövr ərzində kifayət qədər şaxələnmişdir. Nəqliyyat və anbar təsərrüfatı, eləcə də informasiya və rabitə, ticarət, tikinti və digər sektorlar iqtisadi artıma mühüm müsbət töhfə verib. Bütün bu yuxarıda qeyd olunanların nəticəsində Gürcüstanda son 4 il ərzində 150 000-dən çox iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi isə tarixi minimuma azalıb” – Vaxtanq Tsintsadze qeyd edib.

O bildirib ki, son 4 il ərzində yoxsulluğun səviyyəsi demək olar ki, yarıya enib və 9,4 faizə bərabər olub. Nazir müavininin məlumatına əsasən, son 4 ildə 445 000 insan yoxsulluqdan xilas olub.

“Qeyd olunan müsbət meyillərin iqtisadi artım istiqamətində 2025-ci ildə və gələcək illərdə də davam edəcəyi bizim gözləntimizdir. O cümlədən, bunu Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsi də təsdiqləyir. Bu qiymətləndirməyə əsasən, 2025-2029-cu illərdə Gürcüstan ən yüksək iqtisadi artım göstəricilərindən birinə sahib olacaq” – Vaxtanq Tsintsadze deyib.