Daxili işlər naziri, vitse-baş nazir Vaxtanq Qomelauri istefa verdi.
Bununla əlaqədar Vaxtanq Qomelauri müraciət yayır:
“İctimaiyyətə məlumat vermək istərdim ki, Gürcüstanın daxili işlər naziri vəzifəsindən istefa vermək haqda qərar qəbul etmişəm. Bu qərarı qəbul etmək mənim üçün asan olmadı. 2011-ci ildən mən cənab Bidzina İvanişvilinin başına keçdiyi və ölkəmizə əsaslı dəyişikliklər gətirən mübarizənin iştirakçısı olmuşam. Hökumət komandasının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi bütün uğurlar mənim üçün əziz və qürurvericidir. Buna görə də, bu komandaya sadiq qalıram. Gələcəkdə də, istənilən zaman, əgər ehtiyac olarsa, dövlətin və iqtidar komandasının yanında olmağa hazıram.
10 ildən artıq müddət ərzində Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və vitse-baş nazir vəzifələrini tuturdum. Təbii ki, bu qədər il ərzində yüksək dövlət vəzifələrində çalışmaq çox zəhmətli işdir və böyük enerji tələb edir. Bu gün, ölkədə sakit vəziyyət hökm sürdüyü bir zamanda, özümə icazə verdim və komandadan vəzifədən istefa verməyimi xahiş etdim. Bu isə ailəmə – həyat yoldaşıma, övladlarıma və yenicə dünyaya gəlmiş nəvəmə daha çox vaxt ayırmağıma imkan verəcək.
Cənab Bidzina İvanişviliyə təşəkkür etmək istərdim, onun mənə olan güvəni mənə ən yüksək vəzifələrdən ölkəmə xidmət etmək imkanı verdi. Onun etimad və nümunəsi mənə öz işimi vicdanla yerinə yetirməyə və Gürcüstanın dövlətçiliyinin möhkəmlənməsi işinə öz töhfəmi verməyə xüsusi stimul verirdi.
Baş nazir cənab İrakli Kobaxidzeyə və dəstəyini hər zaman hiss etdiyim və bu qərarımı anlayışla qarşılayan bütün hökumət komandasına təşəkkür etmək istərdim. Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına, hər bir qəhrəman polisə, yanğınsöndürən-xilasediciyə, uzun illər ərzində ölkəmizin təhlükəsizliyinin qayğısına birlikdə qaldığım hər kəsə təşəkkürümü bildirmək istərdim. Onların hər birinə və gələcək nazirə gələcək fəaliyyətində uğurlar arzulamaq istərdim.
Ölkəmə və komandaya sadiq qalıram. Ölkəmə və hakimiyyətə əmin-amanlıq, təhlükəsizlik və qarşıya qoyulan bütün məqsədlərin həyata keçirilməsini arzulayıram. Hörmətlə, polis general-polkovniki Vaxtanq Qomelauri” – Vaxtanq Qomelaurinin bəyanatında deyilir.