Vaxtanq Qomelauri Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə görüşüb
Daxili işlər naziri, vitse-baş nazir Vaxtanq Qomelauri Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə görüşüb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze, eləcə də daxili işlər nazirinin müavinləri Aleksandre Daraxvelidze və Qiorqi Butxuzi görüşdə iştirak ediblər.
“Tərəflər görüş çərçivəsində keçən il keçirilən parlament seçkiləri zamanı Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müzakirə ediblər. Həmçinin, daxili işlər naziri Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinə son vaxtlarda Tbilisidə Rustaveli prospektində inkişaf etmiş hadisələr zamanı aksiyanın zorakılıq törədən iştirakçıları tərəfindən yol verilmiş qanuna zidd hərəkətlər və polis tərəfindən görülmüş effektiv tədbirlər haqqında müfəssəl məlumat verib.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri səfər çərçivəsində icra hakimiyyəti və qanunverici orqanın nümayəndələri, müxtəlif sektorların üzvləri, eləcə də xalq müdafiəçisi ilə görüşlər keçirirlər.
Tərəflər görüşün sonunda gələcək əməkdaşlıq və məlumat mübadiləsinə hazır olduqlarını ifadə ediblər” – DİN-in məlumatında qeyd olunub.