Ursula fon der Lyayen – Transxəzər dəhlizi yalnız Avropaya yol olmaqla qalmayıb, həm də sülh yoluna çevrilə bilər
“Transxəzər dəhlisi yalnız Avropaya yol olmaqla qalmayıb, həm də sülh yoluna çevrilə bilər,” – bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə Avropa İttifaqı səfirlərinin konfransında bildirib.
O qeyd edib ki, belə strateji layihələrdən biri olan Transxəzər nəqliyyat dəhlisi ilkin baxışda Orta Asiya ilə Avropa arasındakı səfər müddətini 30 gündən 15 günə endirmək məqsədi daşıyır, amma layihə bundan daha geniş mənaya malikdir. Bu dəhlis keçmişdə bir-birinə düşmən münasibətdə olan Cənubi Qafqaz dövlətlərini birləşdirəcək və onları Avropa ilə əlaqələndirəcək.
“Dəqiq elə ikinci dünya müharibəsindən sonra kömür və dəmir Avropanı birləşdirdiyi kimi, bu yeni dəhlis də ticarət və əməkdaşlığı problemli bölgədə normaya çevirə, yolunu yalnız Avropaya deyil, həm də sülhə aça bilər. Mənim fikrim sadədir: həm bu bölgədə, həm Afrikada, həm də Yaxın Şərqdə investisiyalarımız o deməkdir ki, bizdə həm təsir gücü, həm də mövcudluq var,” – deyə Ursula fon der Lyayen bildirib.