Ursula fon der Layen və Cozef Borrell Buçadadırlar
Avropa Komissiyasının sədri Ursula fon der Layen və Aİ-nin ali nümayəndəsi Cozef Borrel Rusiya qüvvələrinin dinc sakinləri qətlə yetirdiyi Ukraynanın Buça şəhərinədirlər.
Aİ liderləri Polşadan qatarla Ukraynaya gəliblər. Onları Slovakiyanın baş naziri Eduard Heqer müşayiət edir.
“Burada baş verənlər inanılmazdır. Biz Putin ordusunun soyuq üzünü gördük, bu şəhəri hansı ehtiyatsızlıq və soyuqqanlılıqla işğal etdiklərini gördük. Buçada biz bəşəriyyətin necə öldürüldüyünü gördük. Bütün dünya Buça xalqı ilə birlikdə yas tutur. Onlar Avropanın sərhədlərini, insanlığını, demokratiyasını müdafiə edən insanlardır və buna görə də biz bu mühüm döyüşdə onların yanındayıq”, – Ursula fon der Layen jurnalistlərə deyib.
Aİ liderlərinin daha sonra Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, həmçinin müdafiə və xarici işlər nazirləri ilə danışıqlar aparması planlaşdırılır.