Ursula fon der Layen – Rusiyaya qarşı altıncı sanksiya paketi üzrə razılaşmanın yaxın 48 saat ərzində əldə olunacağına ümidim çox azdır
Rusiyaya qarşı altıncı sanksiyalar paketi üzrə razılaşmanın yaxın 48 saat ərzində əldə olunacağına ümidim çox azdır. Aİ liderlərinin sammiti bu gün və sabah davam edəcək, – Avropa Komissiyasının sədri Ursula fon der Layen Brüsseldə keçiriləcək Aİ Şurasının fövqəladə iclasından əvvəl deyib.
“Bu gün biz hələ də açıq olan bir məsələni müzakirə edirik. Bu, Aİ-nin altıncı sanksiyalar paketidir. Biz əvvəlki beş paket üzərində çox uğurla işləmişik. Bu proses heç vaxt asan olmayıb. Eyni şey altıncı paketlə də olur. Komissiya və Fransa, Aİ-yə sədrlik edən ölkə olaraq, son günlər irəliləmək üçün çox çalışırlar. Biz hələ hazır deyilik, lakin bu paket yetişdi. Yaxın 48 saat ərzində bu məsələnin həll olunacağına ümidim çox azdır, amma əminəm ki, bundan sonra mümkün olacaq. Ümumiyyətlə, mənim bütün üzv dövlətlərə çağırışım belə olacaq – bizim uğurun bir açarı var, o da Ukrayna ilə həmrəylik və Avropa İttifaqının birliyidir.
Bu, çox sərt sanksiyalar paketidir. Problemlərdən biri istisna olmaqla, hamısını həll etdik. Bu məsələ bəzi Aİ ölkələrinə boru kəməri ilə tədarük edilən neftə aiddir. Bu məsələ ilə bağlı müzakirələr davam edir” dedi Ursula fon der Layen.