Ursula fon der Layen bildirib ki, Ermənistan Rusiyadan iqtisadi təzyiq yaşayır və Avropa İttifaqı hər zaman buna cavab olaraq addımlar atır. Onun sözlərinə görə, Ermənistan yaxın zamanda ticarətin gücləndirilməsi məqsədilə əlavə 18 milyon avro maliyyə dəstəyi alacaq
Ursula fon der Layen bildirib ki, Ermənistan ticarətin gücləndirilməsi məqsədilə Avropa İttifaqından 18 milyon avro maliyyə dəstəyi alacaq.
Bu barədə o, Nikol Paşinyan ilə birgə keçirilən mətbuat konfransında məlumat verib.
“Bilirəm ki, Ermənistan hələ də Rusiyanın ciddi iqtisadi təzyiqi altındadır. Əslində bu, iqtisadi məcburetmədən başqa bir şey deyil. Əmin olun ki, tərəfdaşlarımıza təzyiq artdıqda, Avropa İttifaqı həmişə cavab addımları atır. İlk olaraq, siz yaxın zamanda əlavə 18 milyon avro alacaqsınız ki, bu da ticarətin gücləndirilməsi və diversifikasiyasına kömək edəcək,” – deyə o bildirib.
Fon der Layenin sözlərinə görə, Ermənistan malları Rusiya bazarı əvəzinə daha geniş şəkildə Avropa İttifaqı bazarına yönləndiriləcək.
“Biz daha da irəli gedirik. Söhbət ‘avtonom ticarət tədbirləri’ adlanan mexanizmdən gedir. Bu, Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinin liberallaşdırılması deməkdir. Nəticədə, ticarətimizin 80 faizi tariflərdən azad olunacaq. Bu, hazırda Rusiya bazarından asılı olan məhsulların Avropa İttifaqının 450 milyon istehlakçısını əhatə edən vahid bazara yönləndirilməsinə imkan verəcək. Eyni zamanda, bu tədbirlər Avropa bazarının Ermənistanın meyvə, tərəvəz və kənd təsərrüfatı məhsullarına demək olar ki, tam açılmasını təmin edəcək,” – deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.