Ursula fon der Laien - Rus aktivlərinə heç kim toxunmayacaq, bu aktivlərlə əlaqəli pul vəsaitlərinin qalığı hesabına Ukraynaya kredit verə bilərik, təzminat müqabilində
Rus aktivlərinə heç kim toxunmayacaq, bu aktivlərlə əlaqəli pul vəsaitlərinin qalığı hesabına Ukraynaya kredit verə bilərik, təzminat müqabilində – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laien deyib.
Ursula fon der Laien bildirib ki bu, Rusiyanın müharibəsidir və məhz Rusiya ödəməlidir.
“Bu, Rusiyanın müharibəsidir, məhz Rusiya ödəməlidir. Buna görə də biz Ukraynanın hərbi səylərini Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirmək üçün yeni qərar üzərində işləməliyik. Bu aktivlərlə əlaqəli pul vəsaitlərinin qalığı hesabına Ukraynaya kredit verə bilərik, təzminat müqabilində. Rus aktivlərinin özünə heç kim toxunmayacaq. Riski isə kollektiv şəkildə götürəcəyik” – Ursula fon der Laien bildirib.
Avropa Komissiyasının prezidenti sxemin əlavə təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, Kiyev pulu dərhal ala biləcək, pulu qaytarmağa isə yalnız Rusiya təzminat ödəməyə başlayanda başlayacaq.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Avropa İttifaqı ölkələri dəyəri təxminən 300 milyard dollar olan Rusiyanın suveren aktivlərini dondurublar. Ötən il Avropa İttifaqı ölkələri kredit şəklində Ukraynaya 50 milyard verməyə razılaşıblar, bu da rus aktivlərindən əldə edilən gəlirlə ödəniləcək. Lakin Avropa İttifaqı dondurulmuş aktivləri müsadirə etməkdən imtina edir.
Keçən həftə Rusiyanın aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçikada bəyan ediblər ki, onların müsadirə edilməsi məhkəmə prosesləri və genişmiqyaslı maliyyə böhranı ilə müşaiyət oluna bilər.