Ursula fon der Laien moldovalıları Avropa İttifaqına üzvlüklə bağlı referendumda iştirak etməyə çağırıb
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Kişinyova səfəri zamanı moldovalıları Avropa İttifaqına üzvlüklə bağlı oktyabrın 20-də keçiriləcək referendumda iştirak etməyə çağırıb.
Ursula fon der Laien bu haqda Moldovanın Prezidenti Maia Sandu ilə görüşündə bildirib.
Avropa Komissiyasının prezidenti Moldovanın yerinin Avropa İttifaqında olduğuna inanır.
“Moldova xalqını qarşıda böyük mərhələ gözləyir. Mən onları səsvermə hüquqlarından istifadə etməyə və azad seçim etməyə çağırıram” – Ursula fon der Laien jurnalistlərə bildirib.
Öz növbəsində Maia Sandu Avropa Komissiyasının prezidentinin səfərinin əhəmiyyətindən danışıb və ölkənin 2030-cu ilə qədər bloka qoşulacağına ümid etdiyini qeyd edib.
“Moldova məhsullarının 65%-dən çoxu Avropa İttifaqının bazarına gedir. Bu, bizim iqtisadi maraqlarımızın harada olduğunu açıq şəkildə göstərir” – Maia Sandu bildirib.
Moldovada referendum Maia Sandunun ikinci, dörd illik müddət üçün mübarizə aparacağı prezident seçkiləri ilə birlikdə keçiriləcək.