Ursula fon der Laien - Digər böyük bazarlardan fərqli olaraq, Avropa öz bazarını Çin malı üçün açıq saxlayır, lakin Çin bu cür açıqlıq nümayiş etdirmir
Digər böyük bazarlardan fərqli olaraq, Avropa öz bazarını Çin malı üçün açıq saxlayır, lakin Çin bu cür açıqlıq nümayiş etdirmir – bu haqda Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa İttifaqı-Çin sammitindən sonra deyib.
Avropa İttifaqının icraedici orqanının rəhbəri, Çinlə münasibətin aydın dönüş nöqtəsinə çatdığını bildirib.
“Çin rəhbərliyinə dediyimiz kimi, ticarətin qarşılıqlı faydalı qalması üçün o daha balanslı olmalıdır. Avropa rəqabəti alqışlayır. Biz rəqabəti bəyənirik, lakin rəqabət ədalətli olmalıdır. Biz bu məsələdə irəliləyiş görməliyik, çünki irəliləyiş olmadan Avropa İttifaqı üçün hazırkı açıqlıq səviyyəsini qoruyub saxlamaq çox çətin olacaq” – Ursula fon der Laien bildirib.
Avropa Komissiyasının prezidenti həmçinin qeyd edib ki, Brüssel Pekinin öz təsirindən istifadə edərək Rusiyanı atəşkəslə razılaşmağa və qan tökülməsinə son qoymaq üçün danışıqlar masası arxasına əyləşməyə inandıracağını gözləyir.
“Çinin Putinin müharibəsi ilə qarşılıqlı əlaqəsini necə davam etdirməsi münasibətlərimizin gələcəyi üçün həlledici amil olacaq. Bu mövzu haqda biz çox aydın şəkildə danışdıq. Avropa İttifaqının Ukrayna üzərində təsiri olduğu kimi, Çinin Rusiya üzərində təsiri var, Rusiyanın danışıqlar masasına ciddi şəkildə əyləşməsi üçün Çinin bu təsirdən istifadə edəcəyini gözləyirik. Əsas diqqətimiz danışıqlar yolu ilə əldə olunmuş həllə yönəlib. Biz danışıqlar yolu ilə əldə olunmuş həll istəyirik. Hazırda çox intensiv texniki və siyasi təmaslarımız və müzakirələrimiz var” – Ursula fon der Laien qeyd edib.