Ümumdünya Səhiyyə Təşkilatında Amerika Birləşmiş Ştatlarının təşkilatdan çıxmaq qərarına yenidən baxacağına ümid edirlər

15:30, 21.01.2025

 
Ümumdünya Səhiyyə Təşkilatı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ölkəni təşkilatdan çıxarmaq qərarından narahatdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda deyilir.

“Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərin köklü səbəblərini aradan qaldırmaqla, daha güclü səhiyyə sistemləri yaratmaqla, səhiyyə sahəsində fövqəladə vəziyyətləri aşkar etməklə, qarşısını almaqla və onlara cavab verməklə dünya əhalisinin, o cümlədən amerikalıların sağlamlığının və təhlükəsizliyinin qorunmasında kritik rol oynayır” – təşkilatın bəyanatında deyilir.

Bəyanatda ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının qurucu üzvü olduğu qeyd olunub. Onilliklər ərzində ABŞ və Ümumdünya Səhiyyə Təşkilatı saysız-hesabsız insanın həyatını xilas edib və amerikalıları və başqalarını sağlamlıq təhlükələrindən qoruyub.

“Amerika Birləşmiş Ştatlarının qərarına yenidən baxacağına ümid edirik və dünya miqyasında milyonlarla insanın sağlamlığı və rifahı naminə Amerika Birləşmiş Ştatları ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında tərəfdaşlığı qoruyub saxlamaq üçün konstruktiv dialoqa qoşulmağı səbirsizliklə gözləyirik” – bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, Donald Tramp andiçmə mərasimindən sonra ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasına dair icra sərəncamı imzalayıb.

Oxşar