Ukraynanın Odessa bölgəsində sentyabrın 30-u gecəsi başlayan güclü yağış 9 nəfərin həyatına son qoyub
Ukraynanın Odessa bölgəsində sentyabrın 30-u gecəsi başlayan və bir neçə saat davam edən güclü yağış 9 nəfərin, o cümlədən bir uşağın həyatına son qoyub. Bu barədə Fövqəladə Hallar Xidmətinin regional qərargahı bildirib.
Xilasedicilər bütün gecə boyu su basmış ərazilərdən insanların təxliyəsinə, avtomobillərin çıxarılmasına və binalardan suyun çəkilməsinə kömək edirdilər. Odessa bölgəsində ümumilikdə 362 nəfəri xilas ediblər və 227 avtomobili yedəklə çıxarıblar. Dövlət Fövqəladə Hallar Xidməti 255 xilasedici və 68 ədəd texnika səfərbər edib. Xilasetmə işləri davam edir.
Əlverişsiz hava şəraitinə görə bir çox insan evlərinə qayıda bilməyib və gecəni iş yerində keçirmək məcburiyyətində qalıb.
Odessa Meriyasının mətbuat xidmətinin məlumatına əsasən, 7 saata regional mərkəzə demək olar ki, iki aylıq yağıntı düşüb, bu isə bir neçə küçənin su altında qalmasına, eləcə də ictimai infrastrukturun zərər görməsinə səbəb olub.