Ukraynanın Energetika Nazirliyində Ukrayna və Polşanın Şərqi Avropa qaz qovşağı yaratmağı planlaşdırdığını, onun vasitəsilə də Avropanın Rusiyadan yan keçməklə təbii qaz alacağını bildirirlər
Ukrayna və Polşa Şərqi Avropa qaz qovşağı yaratmağı planlaşdırırlar. Bu qovşaq vasitəsilə Avropa Rusiyadan yan keçməklə təbii qaz alacaq.
Məlumat üçün bildirək ki, rus qazının Ukrayna ərazisində tranzit müqaviləsinin müddəti 2025-ci ilin yanvarın 1-də başa çatır. Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnikin dediyi kimi, Ukraynanın yeraltı anbarları və Polşanın maye qaz terminalları ilə yeni biznes modeli yaratmaq mümkün olacaq, bu da rus qazının tranzitini əvəz edəcək. O, Ukraynanın müvafiq sənədlərin imzalanması təklifi ilə artıq öz tərəfdaşlarına müraciət etdiyini deyib. Kolesnik, ABŞ-da fəaliyyət göstərən biznes modellərində olduğu kimi uzunmüddətli və ortamüddətli müqavilələrin imzalanmasını gözlədiyini deyib.
“Bu, Ukrayna və Polşaya bütün Şərqi Avropaya lazım olduğu qədər təbii qazı saxlamağa kömək edəcək” – Ukraynanın iqtisadiyyat nazirinin müavini bildirib.
Kiyev və Varşava təbii qaz bazarlarının inteqrasiyası məqsədilə əməkdaşlığa dair memorandumu hələ 2024-cü ilin martında imzalayıblar. Avqustda Ukraynanın Prezidenti “Gazprom”la müqavilənin müddəti başa çatdıqdan sonra avropalı həmkarların xahişi əsasında Kiyevin digər şirkətlərin qazını nəql edə biləcəyini demişdi. Daha sonra Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podoliak izah etdi ki, Ukrayna rus qazından başqa istənilən qazı Avropaya tədarük etməyə hazırdır.
Dekabrın 17-də Avropa İttifaqının Macarıstan, Slovakiya, Avstriya və İtaliyadan olan aparıcı şirkətləri bəyan etdilər ki, “Gazprom”la müqavilənin müddətinin başa çatması təbii qazın tədarükünü çətinləşdirə və qazın qiymətinin artmasına səbəb ola bilər. Onlar Avropa Komissiyasından rus qazının Ukrayna ərazisində tranziti ilə bağlı müqavilənin müddətinin uzadılmasına cəhd göstərməyi xahiş ediblər. Bununla yanaşı, Rusiya müqaviləni uzatmağa hazır olduğunu bəyan etdi. Ukrayna “Gazprom”la əməkdaşlığı davam etdirməkdən imtina edir.