Ukraynanın daxili işlər naziri - "Dariali" sərhəd məntəqəsindən Ukrayna vətəndaşlarının geri qaytarılması Gürcüstanla əməkdaşlıqla həyata keçirildi, buna görə minnətdaram
Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirir ki, “Dariali” keçid məntəqəsi yaxınlığındakı bufer zonadan Ukrayna vətəndaşlarının geri qaytarılması Ukraynanın qurumları, Gürcüstan və Moldovanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində mümkün olub.
Daxili işlər naziri səmərəli əməkdaşlığa görə iştirakçı tərəflərə minnətdarlığını bildirir. Bu barədə Klimenko “Telegram” kanalında yazır.
“Daxili İşlər Nazirliyinin struktur bölmələri Rusiyanın zorla Gürcüstan sərhədi yaxınlığına gətirdiyi Ukrayna vətəndaşlarının geri qaytarılması əməliyyatında iştirak edirdilər. Terrorçu dövlət beynəlxalq və humanitar hüquq normalarını bir daha pozur. Bəziləri cəza çəkən, digərləri isə itkin düşmüş hesab edilən Ukrayna vətəndaşlarını ruslar Gürcüstanın sərhəd məntəqəsi yaxınlığındakı bufer zonaya aparıblar. Sənədlər, yaşayış vasitələri, kifayət qədər ərzaq və tibbi yardım olmadan. Faktiki olaraq, onlar taleyin ümidinə buraxılmışdılar. Və bu gün, Ukrayna Prezidentinin tapşırığı ilə, 65 vətəndaş Ukraynaya geri qaytarıldı, onların arasında 10 qadın və 8 ağır xəstə şəxs var. Bu, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ukraynanın Təhlükəsizlik Xidməti, Moldova və Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı sayəsində mümkün oldu. Səmərəli əməkdaşlığa görə minnətdaram” – Klimenko yazır.
Ukraynanın daxili işlər naziri bildirir ki, Ukrayna tərəfi öz vətəndaşlarının bufer zonasında qalması, onların təxribat və alçaltma məqsədilə istifadə olunması ilə bağlı Rusiyanın kobud cəhdlərinin bütün detallarını araşdırır. Onun sözlərinə əsasən, geri qaytarılmış hər bir şəxslə hüquqi və tibbi işlər aparılacaq və təhlükəsizlik tədbirləri görüləcək.