Ukraynanın Antikorrupsiya Prokurorluğu Andrey Yermak barəsində qətimkan tədbiri olaraq həbs və ya dörd milyon dollara qədər girov tələb edir
Ukraynanın Antikorrupsiya Prokurorluğu Andrey Yermak barəsində qətimkan tədbiri olaraq həbs və ya dörd milyon dollara qədər girov tələb edir

 

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenkonun bəyanatına əsasən, qurum Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində qətimkan tədbiri olaraq həbs tələb edir. Aleksandr Klimenko bu barədə brifinqdə açıqlayıb.

Alternativ tədbir olaraq, prokurorluq 180 milyon qrivna (təxminən dörd milyon dollar) məbləğində girovu nəzərdən keçirir.

Klimenko həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyev yaxınlığında elit yaşayış kompleksinin tikintisi zamanı çirkli pulların yuyulması ilə bağlı istintaqda yer almadığını qeyd edib.

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi bu gün Yermak barəsində qətimkan tədbiri məsələsinə baxacaq.

Məlumat üçün bildirək ki, mayın 11-də Antikorrupsiya Prokurorluğu və Ukraynanın Milli Antikorrupsiya Bürosu Andrey Yermakın 460 milyon qrivna (təxminən on milyon dollar) yumaqda şübhəli bilinən mütəşəkkil dəstənin üzvü olmaqda ittiham olunduğunu bəyan edib. Zelenskinin ofisinin sabiq rəhbərinə ittiham Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi ilə irəli sürülüb, bu da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) deməkdir. Bu maddə səkkiz ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Yermak özü ittihamları rədd edir. İşdə ümumilikdə altı nəfər yer alır. Onların arasında Ukraynanın sabiq vitse-baş naziri Aleksey Çernişov və iş adamı Timur Mindiç var. İstintaqın variantına əsasən, 2021-2025-ci illərdə şübhəlilər Kiyev vilayətinin Kozin kəndində təxminən səkkiz hektar ərazidə kottec qəsəbəsi tikməklə 460 milyon qrivnadan çox pul yuyublar.