Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Yuliya Timoşenkonun əmlakının müsadirə edilməsi məsələsinə baxacaq
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Yuliya Timoşenkonun əmlakının müsadirə edilməsi məsələsinə baxacaq.
Bununla yanaşı, jurnalistlərin məlumatına əsasən, müdafiə tərəfi Timoşenkonu “siyasi repressiya qurbanı” hesab edir. Bunun arqumenti olaraq isə hakimlərin təyinatına mümkün müdaxiləni göstərir. Timoşenkonun sözlərinə əsasən, prokuror, ehtimal ki, iş rəsmi olaraq qeydiyyata alınmazdan əvvəl də sədrin kimliyini bilirdi.
“Bu o deməkdir ki, məhkəmənin əvvəlki, eləcə də hazırkı tərkibi qanunsuzdur. Müvafiq olaraq, bütün qərarlar qanunsuzdur. Biz indi imtina bəyanatı vermirik, çünki Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinə şikayət etmək üçün ətraflı sənədlər hazırlayırıq” – Timoşenko qeyd edib.
Məlumat üçün bildirək ki, ötən həftə Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenkoya 33 milyon qrivna məbləğində girov ödəmək öhdəliyi qoyub. Bundan əvvəl isə antikorrupsiya qurumları Yuliya Timoşenkonun ofisində axtarış aparıblar. Məlum olduğu kimi, axtarış Timoşenkonun Ali Radada digər fraksiyaların üzvü olan deputatlara konkret qanun layihələrinin lehinə və ya əleyhinə səs vermələri müqabilində rüşvət təklif etməsi və onları ələ almağa cəhd göstərməsi ilə bağlı ittihamla əlaqədar olub.