Ukraynanın ABŞ-dakı sabiq səfiri qanunsuz varlanma işi üzrə girovu ödəməyib, barəsində həbs qətimkan tədbiri seçilə bilər

20:15, 12.08.2026

 

Ukraynanın ABŞ-dakı sabiq səfiri Olqa Stepanişina qanunsuz varlanma işi üzrə Ali Antikorrupsiya Məhkəməsinin təyin etdiyi 6 milyon qrivna məbləğində girovu ödəməyib. Stepanişina bu məbləği avqustun 11-dək ödəməli idi.

İndi Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu məhkəməyə vəsatətlə müraciət edərək sabiq diplomat haqqında həbs qətimkan tədbirinin seçilməsini tələb etmək hüququna malikdir.

Ali Antikorrupsiya Məhkəməsinin Apellyasiya Palatası avqustun 11-də Olqa Stepanişinadan qətimkan tədbiri haqqında qərardan verilən şikayəti qəbul edib və bu şikayətə yaxın gələcəkdə baxılacaq.

Olqa Stepanişina qanunsuz varlanmada və yalan bəyannamə verməkdə şübhəli bilinir. İstintaqın versiyasına əsasən, o, bəyannaməsində Kiyevdəki iki mənzili, təmir xərclərini, mənzil kirayəsini, “Mercedes” markalı avtomobili, həmçinin təyyarə biletləri və anasının müalicə xərclərini qeyd etməyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı sərəncama əsasən, Olqa Stepanişina avqustun 3-dən etibarən ABŞ-dakı səfir vəzifəsini tutmur.

Oxşar