Ukraynada müharibə səbəbindən Gürcüstana gələn Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşayış icazəsi olan şəxslərə göstərilən yardım 2027-ci il yanvarın 1-dək uzadılıb

12:51, 05.10.2026

Gürcüstan hökumətinin qərarına əsasən, Ukrayna ərazisində gedən hərbi əməliyyatlar səbəbindən Gürcüstana gələn və ölkədə fasiləsiz qalan Ukrayna vətəndaşları 2027-ci il yanvarın 1-dək tibbi xidmətlərdən yararlana biləcəklər.

Bununla yanaşı, Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən Gürcüstana gələn Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşayış hüququ olan şəxslərə ailə başına 300 lari, hər bir şəxsə isə 45 lari məbləğində maddi yardımın verilməsi 2027-ci il yanvarın 1-dək uzadılıb.

Hökumət Administrasiyasının məlumatına görə, bununla bağlı müvafiq sərəncamları Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

Gürcüstanda fasiləsiz qalma dedikdə, şəxsin Gürcüstanın dövlət sərhədini keçərək üç gündən çox olmayan müddət ərzində ölkəyə geri qayıtması halları da nəzərdə tutulur.

Müvafiq tibbi xidmətlərin göstərilməsini Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi təmin edəcək.

Ukrayna vətəndaşları üçün müvafiq ilin dövlət səhiyyə proqramları çərçivəsində aşağıdakı tibbi xidmətlər nəzərdə tutulub:

İmmunizasiya;

Vərəm və HİV infeksiyasının, eləcə də QİÇS-in müalicəsi, o cümlədən xüsusi dərmanlarla təminat;

Ana və uşaq sağlamlığı, o cümlədən antenatal müşahidə və yeni doğulmuş uşaqların skrininqi;

Psixi sağlamlıq xidmətləri;

Diabetin idarə olunması, o cümlədən dərmanlarla təminat;

Dializ;

Nadir xəstəlikləri olan və daimi əvəzedici müalicəyə ehtiyacı olan pasiyentlərin müalicəsi;

Referal xidmətlər — təcili tibbi xidmətlər, o cümlədən doğuş və təcili immunizasiya.

Sosial-iqtisadi dəstəyə gəlincə, maliyyələşmənin verilməsini Sosial Xidmətlər Agentliyi təmin edəcək.

Gürcüstan ərazisini tərk edən şəxsə növbəti aydan etibarən 45 lari məbləğində yardım verilməyəcək.

Həmçinin, yaşayış şəraitinin təmin edilməsi üçün nəzərdə tutulan 300 lari məbləğində ailə yardımı da ailənin bütün üzvlərinin Gürcüstan ərazisini tərk etməsi halında növbəti aydan dayandırılacaq.

Oxşar