Ukraynada bildirirlər ki, minerallar haqqında saziş layihəsi ilə bağlı istənilən ictimai müzakirə danışıqlara ziyan vurur və amerikalı tərəfdaşlarla konstruktiv müzakirə aparılmasına maneə olur
Ukrayna ABŞ-dan minerallar haqqında saziş layihəsini alıb və hazırda üzərində işlənilir – bu haqda Ukraynanın iqtisadiyyat naziri İulia Sviridenko Ukrayna mediasına açıqlayıb.
İulia Sviridenko bildirir ki, hökumət ABŞ-la sazişə dair konsensusa nail olmağı hədəfləyir və məsələni geniş şəkildə şərh etməkdə təmkinli davranır.
“Bu, mahiyyətcə Amerika tərəfinin hüquqi mövqeyini əks etdirən işçi variantdır. Biz mövqeyimizi formalaşdırırıq və indi proses də rəsmiləşib” – nazir qeyd edib.
Sviridenko deyib ki, razılıq əldə olunanda hökumət Radanın deputatlarına müraciət edəcək.
“Lazım olduqda, biz mütləq Ali Radada məsləhətləşmələr keçirəcəyik. İndi bu sazişin mətni ilə bağlı istənilən ictimai müzakirə yalnız danışıqlara ziyan vurur və bizə amerikalı tərəfdaşlarımızla konstruktiv müzakirə aparmağa maneə olur” – Sviridenko bildirib.
Məlumat üçün bildirək ki, “Financial Times” və “Bloomberg” ABŞ-nin martın 23-də Ukraynaya göndərdiyi minerallar haqqında saziş layihəsini yayıblar. Sənədə əsasən, əgər Ukrayna bu versiya ilə razılaşsa, bu, ABŞ-a Ukraynanın infrastruktur layihələrində sərmayə qoyuluşunun nəzarəti və resursların əldə edilməsi baxımından böyük səlahiyyət verəcək.