Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Rostov vilayətində yerləşən neft bazalarına və liman neft terminalına zərbələr endirilib
Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Rostov vilayətində yerləşən neft bazalarına və liman neft terminalına zərbələr endirilib.
Yayılan məlumatlara əsasən, hədəflər Azov şəhərində yerləşən neft bazaları və optik-mexaniki zavod, Taqanroq şəhərində isə liman neft terminalı olub.
Rusiya tərəfi gecə saatlarında Rostov vilayətinin pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını təsdiqləyib. Vilayətin qubernatoru Yuri Slyusarın sözlərinə görə, Azovda hücum nəticəsində neft məhsullarının saxlanıldığı iki obyektdə yanğın baş verib. O bildirib ki, ilkin məlumata əsasən, ölən və yaralanan yoxdur, hadisə yerində isə fövqəladə xidmətlər işləyir.
Yuri Slyusarın sözlərinə görə, hava hücumları səhər saatlarında da davam edib. O qeyd edib ki, Taqanroq, Azov şəhərlərində, həmçinin Azov və Matveyevo-Kurqan rayonlarında 35-dən çox pilotsuz uçuş aparatı məhv edilib.
Bununla yanaşı, Taqanroq şəhərinin meri Svetlana Kambulovanın sözlərinə görə, hücumdan sonra sakinlərin təxliyəsi həyata keçirilir.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, ümumilikdə hava hücumundan müdafiə qüvvələri Rusiyanın müxtəlif regionlarında və Azov dənizi üzərində 376 Ukrayna pilotsuz uçuş aparatını vurub.