Ukrayna tərəfinin məlumatına görə, gecə Rusiyanın qüvvələri Dnepropetrovsk vilayətinə pilotsuz uçuş aparatları və “Qrad” sistemləri ilə hücum ediblər
Gecə Rusiyanın qüvvələri Dnepropetrovsk vilayətinə pilotsuz uçuş aparatları və “Qrad” sistemləri ilə hücum ediblər. Bu barədə məlumatı Ukrayna mediası yerli hakimiyyətə istinadən yayıb.
Zərbələrin hədəfi rayon mərkəzi, həmçinin bir neçə kənd olub. Yaşayış evləri, avtomobillər və infrastruktur obyektləri zədələnib.
Rusiyanın Müdafiə Nazirliyinin iddiasına görə isə, hücumların hədəfi Dnepropetrovskdə Ukrayna Silahlı Qüvvələrinin obyektləri olub.
Analitik layihə DeepState-in məlumatına görə, Rusiyanın qüvvələri Xarkov vilayətində Zeleniy Qay adlı yaşayış məntəqəsini ələ keçiriblər, həmçinin Lozova yaşayış məntəqəsi istiqamətində irəliləyiş əldə ediblər.
Analitiklərin məlumatına əsasən, Donetsk vilayətində Rusiya qüvvələri Popiv Yar yaşayış məntəqəsi yaxınlığında irəliləyiblər. Ukraynanın Baş Qərargahının bəyanatına görə, Rusiya qüvvələrinin hücumlarının əsas hədəfi Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətidir.
Bundan əlavə, gecə Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın Voronej vilayətinə hücum həyata keçirib. Rus teleqram kanallarında yayılan məlumata görə, hücumun hədəfi Lisk şəhərində iri dəmiryolu qovşağı olub. Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin açıqlamasına görə, qatarların hərəkəti ləngiyib. Qubernatorun məlumatına əsasən, dəmiryol işçisi xəsarət alıb.
Ukrayna dronlarının hücumu fonunda isə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, bazar günü Belqorodda ticarət mərkəzləri və bazarlar işləməyəcək, əyləncə parkları bağlanacaq. Onun sözlərinə görə, gələn həftədən dövlət qulluqçuları maksimum dərəcədə distant rejimdə işləyəcəklər.