Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində üç yaşayış məntəqəsini azad edib, yüzlərlə rusiyalı hərbçi əsir götürülüb
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində üç yaşayış məntəqəsini azad edib, yüzlərlə rusiyalı hərbçi əsir götürülüb.
Ukrayna mediasının məlumatına görə, “Vivaldi” əməliyyatı zamanı Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Liman istiqamətində üç yaşayış məntəqəsini azad edib. Söhbət Ridkodub, Novoye və Katerinivka kəndlərindən gedir.
Həmçinin Ukrayna ordusu Novomixaylovka və Lipovets kəndlərinin yaxınlığında nəzarəti bərpa edib. Bu yaşayış məntəqələrinin hamısı Kramatorsk rayonuna daxildir.
Üçüncü Ordu Korpusunun komandanı Andrey Biletski “Vivaldi” əməliyyatının üçüncü mərhələsinin başa çatdığını açıqlayıb.
Onun sözlərinə görə, “Vivaldi” əməliyyatı nəticəsində bu mərhələdə Ukraynanın daha 51 kvadrat kilometr ərazisini geri qaytarmaq mümkün olub. Hücum başlayandan bəri isə azad edilən ərazinin ümumi sahəsi 176 kvadrat kilometrə çatıb.
Ukrayna ordusunun məlumatına görə, Rusiya tərəfinin canlı qüvvə itkiləri 2 min hərbçini ötüb. Ukrayna qüvvələri 250-dən çox rusiyalı hərbçini, o cümlədən zabitləri, pilotları və artilleriyaçıları əsir götürüb.