Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya mümkün qədər çox insanın həyatına zərər vurmaq məqsədilə kompleks hücum planlaşdırmağa cəhd edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiya mümkün qədər çox insanın həyatına zərər vurmaq məqsədilə kompleks hücum planlaşdırmağa cəhd edib.
Onun sözlərinə görə, hücum zamanı Rusiya ballistik raketlərlə yanaşı, reaktiv “Şahed” dronlarından da istifadə edib.
“Kiyevdə, eləcə də bir çox digər regionlarda dünən gecədən etibarən Rusiyanın zərbələrinin nəticələrinin aradan qaldırılması işləri davam edir. Bu, Rusiyanın mümkün qədər çox insanın həyatına zərər vurmaq məqsədilə planlaşdırmağa çalışdığı kompleks hücum idi. Hücum zamanı ballistik və qanadlı raketlər, gəmi əleyhinə raketlər, həmçinin reaktiv “Şahed” dronlarından istifadə olunub”, – deyə Vladimir Zelenski yazıb.
Ukrayna Prezidenti bildirib ki, Rusiya yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan vurub. Onun sözlərinə görə, hücumlar nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Zelenski sosial şəbəkədəki paylaşımında Fövqəladə Hallar Xidmətinin 13 nəfəri xilas etdiyini bildirib. Ukrayna Prezidentinin sözlərinə görə, hücumların hədəfində Kiyevlə yanaşı, digər regionlar da olub.
“Kiyev vilayətində kritik infrastruktur zərər görüb. Odessa vilayətində adi bir bazar vurulub. Xarkovda iki nəfər yaralanıb, yaşayış binasına ziyan dəyib. Səhər saatlarında Sumı vilayətində dəmir yolu stansiyasında Kiyev–Sumı qatarının lokomotivinə hücum edilib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb. Təxliyə işləri davam edir. Həmçinin Zaporojye və Dnepr vilayətləri də atəşə tutulub”, – deyə Vladimir Zelenski yazıb.
Ukrayna Prezidenti qeyd edib ki, ballistik raketlərin qarşısının alınması hələ də xüsusilə çətin olaraq qalır. O, tərəfdaş ölkələrə müraciət edərək raketdən müdafiə üçün ələkeçirici raketlərin tədarükünü istəyib.