Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Voronej vilayətində “Borisoglebsk” aerodromunu və Saratov vilayətində neft emalı zavodunu hədəfə alıb

15:45, 08.07.2026

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən “Borisoglebsk” aerodromunu və Saratov vilayətindəki neft emalı zavodunu bombalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Saratov neft emalı zavodunda partlayışlar və yanğın müşahidə olunub. Bildirilir ki, bu müəssisə “Rosneft” şirkətinin tərkibinə daxildir və Volqa regionunun əsas neft emalı obyektlərindən biridir.

Zavodun illik layihə gücü təxminən 7 milyon ton neft təşkil edir. Müəssisədə benzin, dizel yanacağı və aviasiya yanacağı istehsal olunur. Ukrayna tərəfinin məlumatına görə, bu məhsullardan digər sahələrlə yanaşı, Rusiyanın hərbi logistikasının təmin edilməsində də istifadə edilir.

Ukrayna mediasının məlumatına görə, Rusiya Federasiyasının Belqorod vilayətində Urazovo və Şelayevo ərazilərində avtomobil körpüləri də zədələnib.

Məlumata əsasən, Rusiya bu körpülərdən hərbi logistika, şəxsi heyətin, silahların, döyüş sursatlarının və təchizatların daşınması üçün istifadə edir.

Oxşar