Ukrayna Milli Qvardiyasının komandanı Oleksandr Pivnenko ukraynalı əsgərlərin alçaldılmasına icazə verməyəcəyini bildirir
Ukrayna Milli Qvardiyasının komandanı general-mayor Oleksandr Pivnenko heç kimin ukraynalı əsgərləri alçaltmasına icazə verməyəcəyini bildirir.
Medianın məlumatına əsasən, Petropavlivska-Borşçaqivkada baş verən insidentlə bağlı Pivnenko görüş keçirib. O, orduda səfərbər olunmuş hərbi qulluqçuların tibbi müayinə prosedurlarını və döyüş əməliyyatları zonasından qayıdan əsgərlərə münasibəti yaxşılaşdıracağına söz verib. General həmçinin ictimaiyyəti ukraynalı əsgərlərə hörmətlə yanaşmağa çağırıb.
Pivnenkonun sözlərinə əsasən, görüşdə Milli Qvardiyaya daxil olan səfərbər olunmuş hərbi qulluqçuların tibbi müayinə prosedurlarının yaxşılaşdırılması zərurətini müzakirə ediblər. Həmçinin hərbi xidmətdən tərxis olunduqdan sonra onların müalicəsinin təşkili məsələsini müzakirə ediblər.
Milli Qvardiyanın komandanı həmçinin bəyan edib ki, böyük şəhərlərdə müvəqqəti yerləşmə məntəqələrinin seçilməsi və yerləşdirilməsi yanaşmalarına yenidən baxılacaq. Pivnenko bir daha vurğulayıb ki, komandirlər yalnız döyüş tapşırıqlarının icrasına görə deyil, həm də tabeçiliyində olan şəxslərə görə şəxsən məsuliyyət daşıyırlar.
“Milli Qvardiya böyük bir ailədir və mən qvardiyaçıların təhqir olunmasına və alçaldılmasına icazə verməyəcəyəm. Ukrayna cəmiyyəti istər kişi, istərsə də qadın olsun Ukraynanın bütün müdafiəçilərinə hörmət etməli və forma geyinmiş insanlara ehtiramla yanaşmalıdır. Biz gələcəyimiz, Ukrayna millətinin xilası uğrunda mübarizə aparırıq. Hər bir vicdanlı ukraynalı bu tarixi mübarizədə ümumi qələbəmizə öz töhfəsini verməlidir” – o, bildirib.
Məlumat üçün bildirək ki, Kiyev yaxınlığında, Petropavlivska-Borşçaqivkada yerləşən fərdi evlərdən birinin qarşısında kəskin qarşıdurma yaşanıb. Əraziyə toplaşanlar bəyan edirdilər ki, evdə kişiləri qanunsuz olaraq saxlayır və onlara “işgəncə edirlər”. Milli Qvardiyanın komandanı Oleksandr Pivnenkonun sözlərinə görə, evdə 18 hərbi qulluqçu olub. Tibbi yardıma ehtiyacı olan onlardan dördü hazırda Milli Qvardiyanın Tibb Mərkəzindədir. Onun sözlərinə görə, bu şəxslər xidmət yerini özbaşına tərk etdikdən sonra saxlanılaraq hissələrə qaytarılan hərbçilərdir. Pivnenko izah edib ki, bu məntəqəyə səfərbər olunmuş hərbçilər gəlir, sənədlərini hazırlayır və müayinədən keçirlər, daha sonra isə 58 günlük təlim mərkəzlərinə göndərilirlər. O bildirib ki, müharibə səbəbindən hərbçilərin əksəriyyətinin daimi yerləşmə məntəqəsi yoxdur, bu səbəbdən hər kəs üçün rəsmi yerlər yaratmaq fiziki olaraq qeyri-mümkündür.