Ukrayna mediası – Zelenski “Avropaya inteqrasiya yönümlü” adlandırılan, lakin Ukraynanın yerinə yetirməli olduğu tələblərə zidd olan qanunu imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski, Ali Rada tərəfindən qəbul edilmiş və hakimlərin dürüstlüyü və qohumluq əlaqələrinin bəyan edilməsini nəzərdə tutan mübahisəli qanunu imzalayıb.
Ukrayna mediasının yazdığı kimi, “Avropaya inteqrasiya yönümlü” adlandırılan sənəd Ukraynanın yerinə yetirməli olduğu tələblərlə ziddiyyət təşkil edir.
“Evropeyskaya Pravda”nın məlumatına əsasən, iyunun 24-də Ukrayna Parlamentinin veb-saytında qanun layihəsi barədə məlumat yenilənib. Qanun prezidentin imzası ilə geri qayıdıb və aktın icrasına başlanılıb.
Bundan əvvəl, iyunun 9-da Ali Rada qanun layihəsini ikinci oxunuşda qəbul etmişdi.
Medianın məlumatına əsasən, layihə “Avropaya inteqrasiya yönümlü” adlansa da, ekspert dairələrində tənqidlərə səbəb olur.
Xüsusilə, “DEJURE” təşkilatında iddia edirlər ki, bu sənəd qəbul edilməsinə səbəb olan problemi həll etmir.
Qeyd edilməlidir ki, hakimlərin dürüstlük bəyannaməsi qaydalarındakı dəyişikliklər “Kaçka-Kos planı”nın tələblərindən biridir. Lakin qəbul edilmiş qanun layihəsi bu planın bəndlərindən biri ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, plan Ukraynanın Ali Məhkəməsinin hakimlərinin bəyannamələrinin yoxlanılmasına “müvəqqəti müstəqil beynəlxalq ekspertlərin” cəlb olunmasını tələb edir, lakin qəbul edilən qanunda bu cür normalar nəzərdə tutulmayıb.