Ukrayna mediası: Ukraynanın müdafiə nazirinin istefasından əvvəl onunla Aleksandr Sırski arasında aylarla davam edən münaqişə yaşanıb
Ukrayna mediasının məlumatına görə, Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun istefasından əvvəl onunla Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski arasında aylarla davam edən qarşıdurma yaşanıb.
Məlumata əsasən, Fedorovla yanaşı, Nazirlər Kabinetində də digər dəyişikliklər edilir və yeni baş nazir təyin olunur. Nəşr yazır ki, hökumətin yeni tərkibində yer alacaq nazirlərin əksəriyyətinin kimliyi deputatlara əvvəlcədən məlum idi.
Fraksiyada müzakirə mövzusuna çevrilən yeganə məsələ isə Fedorovun taleyi olub. Mənbələrin bildirdiyinə görə, Volodimir Zelenski müdafiə naziri ilə Baş komandan arasında davamlı qarşıdurmaya artıq dözə bilmədiyini deyib.
Nəşrin yazdığına görə, Sırski Fedorovun konkret hərbi əməliyyatlar üçün tələb olunan resursları ayırmamasından narazı idi. Fedorov isə cavabında bütün resursların ayrıldığını, lakin onların düzgün istifadə olunmadığını bildirirdi.
“Döyüş vəziyyətində olan ölkədə Müdafiə Nazirliyi ilə Baş Qərargahın bir-biri ilə mübarizə aparmasına imkan verə bilmərəm. Hər ikisi dəyişməlidir, amma bunu eyni vaxtda etmək imkanım yoxdur”, – deyə mənbə Volodimir Zelenskinin sözlərini sitat gətirir.
Ukrayna Prezidenti həmçinin bildirib ki, Fedorov vəd etdiyi səfərbərlik islahatını həyata keçirə bilməyib. Deputatın sözlərinə görə, Zelenski qeyd edib ki, əgər Vladimir Putin sentyabrın 23-də ümumi səfərbərlik elan edərsə, Ukraynada səfərbərliklə bağlı məsələlər həmin tarixədək həll olunmalıdır.