Ukrayna mediası – Macarıstan Ukrayna üçün Avropa İttifaqına üzvlük haqda danışıqların 4-cü və 5-ci klasterlərinin açılması prosesini yenidən bloklayıb
Avropa İttifaqı Şurasının Genişlənmə Məsələləri üzrə İşçi Qrupunun görüşündə Macarıstan Ukrayna üçün Avropa İttifaqına üzvlük haqda danışıqların 4-cü və 5-ci klasterləri ilə əlaqəli skrininq nəticələrinin təsdiqlənməsini yenidən dəstəkləməyib. Bu barədə məlumatı Ukrayna mediası avropalı diplomatlara istinadən yayır.
Macarıstan bu vaxta qədər Ukrayna ilə üzvlük danışıqları çərçivəsində 4-cü və 5-ci klasterlər üzrə işlərin növbəti mərhələsinə keçidə dəstək verməyib.
“Macarıstanın mövqeyi dəyişməyib” – diplomatlardan biri açıqlayıb.
Mənbələrin məlumatına əsasən, Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiyaya əvvəlcədən bəlli idi ki, Macarıstan bu iki klaster üzrə Ukraynanın danışıqların açılması istiqamətində irəliləməsinə dair mövqeyini dəyişmək niyyətində deyil. Buna baxmayaraq, oktyabrın 27-də bu məsələ yenidən İşçi Qrupunun gündəliyinə daxil edilib.
Daha bir diplomatın qiymətləndirməsinə əsasən, məsələnin təkrar müzakirəyə çıxarılması məhz bu iclasda müsbət qərarın qəbul edilməsi üçün real cəhddən daha çox, siyasi xarakter daşıyırdı və Budapeştə təzyiqi gücləndirməyə xidmət edirdi.
4-cü klaster – “Yaşıl gündəlik və dayanıqlı qarşılıqlı əlaqə” – nəqliyyat, energetika, trans-Avropa şəbəkələri, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi kimi məsələləri əhatə edir.
5-ci klaster – “Resurslar, kənd təsərrüfatı və birlik siyasəti” – kənd təsərrüfatı, balıqçılıq, regional siyasət və büdcə məsələlərini əhatə edir.
Bunlar Ukrayna üçün hələ də açılmamış son iki danışıqlar klasteridir. Ukrayna hakimiyyəti onların açılmasının 2026-cı ilin sonunadək mümkün olacağına ümid edir.