Ukrayna mediası, Əbu-Dabidə tərəflərin təhlükəsizlik zəmanətlərini, Rusiyanın tələblərini və müharibədən sonrakı məsələləri müzakirə etdiklərinə, əsirlərin genişmiqyaslı mübadiləsinə dair razılığa gəldikləri haqda məlumat verir
Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların ilk günü başa çatıb.
Ukrayna mediasının məlumatında, dörd saatlıq görüş zamanı tərəflərin təhlükəsizlik zəmanətlərini, Rusiyanın tələblərini və müharibədən sonrakı məsələləri müzakirə etdikləri deyilir.
Medianın məlumatına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski nümayəndə heyətindən danışıqların gedişatı haqqında məlumat alıb.
Həmçinin tərəflərin əsirlərin genişmiqyaslı mübadiləsinə dair razılığa gəldikləri barədə məlumat yayılır. Lakin tərəflər hələlik rəsmi bəyanat verməyiblər.
Görüş başlamazdan əvvəl ABŞ və Ukrayna nümayəndə heyətləri avropalı tərəfdaşlarla məsləhətləşmələr aparıblar, bundan sonra da prezident Donald Trampın nümayəndəsi Cared Kuşner Qərbin “bir komanda“ kimi hərəkət etdiyini və Əbu-Dabi masasında təqdim olunan bütün təkliflərin avropalılarla razılaşdırıldığını bildirib.