Ukrayna mediası – ABŞ müdafiə nazirinin müavininin bu gün NATO-nun qərargahına planlaşdırılan səfəri ABŞ-ın Avropadakı hərbi mövcudluğuna yenidən baxmaq niyyəti ilə bağlıdır.
ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin bu gün NATO-nun qərargahına planlaşdırılan səfəri ABŞ-ın Avropadakı hərbi mövcudluğuna yenidən baxmaq niyyəti ilə bağlıdır. Bununla yanaşı, müzakirələr zamanı Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsinin də gündəmə gələcəyi istisna edilmir.
NATO-nun yüksəkvəzifəli rəsmilərindən birinin sözlərinə görə, Kolbi Şimali Atlantika Şurasının iclasında məhz ABŞ qüvvələrinin Avropada yerləşdirilməsi və strukturunun yenidən nəzərdən keçirilməsi ilə bağlı davam edən məsləhətləşmələr çərçivəsində iştirak edəcək.
Medianın məlumatına görə, ötən gecə NATO səfirləri səviyyəsində keçirilən ayrıca iclasda Ukrayna məsələləri də müzakirə olunub. Xüsusilə Ukraynaya PAC-3 tipli raketlərin və “Patriot” sistemlərinin təcili çatdırılmasının zəruriliyi, həmçinin Ukraynanın müdafiə büdcəsindəki çatışmazlığın aradan qaldırılması üçün maliyyə yardımı məsələsi müzakirə edilib.