İstanbul razılaşması çərçivəsində Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi baş tutdu. Ukrayna ağır xəstə və yaralı hərbçilərin daha bir qrupunu geri qaytarıb.
“Bu gün ordumuzun döyüşçüləri, Milli Qvardiyanın üzvləri, sərhədçilər evə qayıtdılar. Hər kəsin müalicəyə ehtiyacı var və onlara mütləq lazımi yardım göstəriləcək. Bu, ağır yaralıların və ağır xəstələrin qayıtmasının artıq ikinci mərhələsidir” – Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.
Bu gün əsirlikdən azad edilmiş ukraynalı hərbçilərin bir hissəsi itkin düşmüş hesab edilirdi. Hərbi əsirlərin məsələsi üzərində işləyən koordinasiya qərargahında bildirirlər ki, azad edilmiş şəxslər fiziki və psixoloji reabilitasiyadan keçəcəklər.
Rusiya Müdafiə Nazirliyi də hərbçilərin üçüncü qrupunun Ukraynanın əsirliyindən geri qayıtması ilə bağlı məlumat yayır. Qurumun məlumatına əsasən, azad edilən rus əsgərləri hazırda Belarusdadırlar və onlara orada ilkin tibbi yardım göstəriləcək.
İyunun 2-də İstanbulda keçirilən danışıqlarda Ukrayna və Rusiya bütün ağır yaralıların və 18-dən 25 yaşadək olan hərbçilərin mübadiləsi, eləcə də hərbçilərin cəsədlərinin – altı minə altı min formulu əsasında qaytarılması barədə razılığa gəliblər.
İyunun 11-də Ukrayna 1212 hərbçinin cəsədini qaytarıb. Bundan əvvəl isə 25 yaşadək olan əsgərlər, eləcə də ağır yaralılar və xəstələr dəyişdirildi. Ukrayna Koordinasiya Qərargahında qeyd edirlər ki, təhlükəsizlik məqsədilə azad edilənlərin dəqiq sayı mübadilə prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.