Ukrayna dronlarla bağlı "qeyri-ixtiyari hadisələrə" görə Estoniyadan üzr istəyib
Ukrayna dronlarla bağlı “qeyri-ixtiyari hadisələrə” görə Estoniyadan üzr istəyib. Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Qeorqi Tix Rusiyanın Ukrayna dronlarını Baltikyanı ölkələrə yönləndirmək üçün texnologiyadan istifadə etməyə qəsdən davam etdiyini deyib.
“Rusiya elektron döyüş vasitələrindən istifadə etməklə Ukrayna dronlarını Baltikyanı ölkələrə yönləndirməyə davam edir. Moskva bunu qəsdən, gücləndirilmiş təbliğatla birlikdə edir. Bu cür qeyri-ixtiyari hadisələrə görə Estoniyadan və bütün Baltikyanı dostlarımızdan üzr istəyirik” – o, bildirib.
O, həmçinin xüsusilə qeyd edib ki, Ukrayna Şərqi Avropa ölkələrinin hava məkanından Rusiyaya hücum etmək üçün istifadə etmir.
“Bir daha təkrar edirik ki, Rusiya təbliğatının iddialarının əksinə olaraq, nə Estoniya, nə Latviya, Litva, nə də Finlandiya Rusiyaya qarşı hücumlar üçün öz hava məkanından istifadə edilməsinə heç vaxt icazə verməyiblər. Üstəlik, Ukrayna heç vaxt belə bir şey tələb etməyib” – o, bildirib.
Məlumat üçün bildirək ki, bu gün, mayın 19-da Rumıniya qırıcı təyyarəsi Estoniyada Ukrayna dronunu vurub, bu da ölkənin bir hissəsində hava hücumu həyəcanının verilməsinə səbəb olub. Medianın məlumatına əsasən, ölkə ərazisində ilk dəfədir ki, belə bir cihaz vurulur.