Ukrayna dronlarının Rusiya ərazisinə endirdiyi zərbələr fonunda Rusiyada Hava-Kosmik Qüvvələrinin komandanı dəyişdirilib
Ukrayna dronlarının Rusiya ərazisinə endirdiyi zərbələr fonunda Rusiyada Hava-Kosmik Qüvvələrinin komandanı dəyişdirilib

Ukrayna dronlarının Rusiya ərazisinə həyata keçirdiyi çoxsaylı zərbələr fonunda Rusiyada Hava-Kosmik Qüvvələrinin komandanı dəyişdirilib.

Rusiya mediasının məlumatına görə, 2023-cü ildən bu qüvvələrə rəhbərlik edən general Viktor Afzalovun yerinə general-polkovnik Aleksandr Çayko təyin olunub.

Çayko daha əvvəl Şərq Hərbi Dairəsinə komandanlıq edib, 2010-cu illərin sonlarında isə Suriyada Rusiya qoşunlarına rəhbərlik edib.

Avropa İttifaqı Çaykoya qarşı sanksiyalar tətbiq edib. O, Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı törədilən kütləvi qətllərə görə məsul şəxslərdən biri hesab olunur. Rusiyada isə ona “qəhrəman” adı verilib.

Rusiya mediasının məlumatına görə, Hava-Kosmik Qüvvələrinin tərkibinə hava hücumundan müdafiə və raketdən müdafiə qoşunları da daxildir. Son aylarda Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin neft obyektlərinə edilən çoxsaylı hücumların qarşısını ala bilməyib.

2026-cı ilin mart ayının sonunda Baltik dənizində yerləşən Rusiyanın ən iri neft limanları dron zərbələrinə məruz qalıb və bu, ixracın dayanmasına səbəb olub.

Aprel ayında Rusiya ərazisində neft obyektlərinə 20-dən çox hücum həyata keçirilib: ən azı doqquz neft emalı zavodu zərbələrə məruz qalıb, onlardan beşi fəaliyyətini dayandırıb. Nəticədə ölkədə neft emalı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Həmçinin pilotsuz uçuş aparatlarının hücum təhlükəsi fonunda Moskvada Qələbə paradı hərbi texnika olmadan keçiriləcək.