Ukrayna dronlarının hücumu nəticəsində Tambov vilayətində 7 nəfər həlak olub, 24 nəfər yaralanıb. Moskva vilayətinə hücum zamanı isə 26 nəfərin xəsarət aldığı bildirilir.
Ukrayna pilotsuz uçuş aparatları (PUA) Tambov vilayətinin Kotovsk şəhərinə hücum edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Region qubernatoru Yevgeni Pervişovun sözlərinə görə, dronların Wildberries logistika mərkəzinə düşməsi nəticəsində gecə növbəsində çalışan 7 əməkdaş həlak olub, 24 nəfər isə yaralanıb. Qubernator bildirib ki, anbar ərazisində açıq yanğın söndürülüb, lakin yanğının tam aradan qaldırılması üzrə işlər davam edir.
Wildberries şirkətinin mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında dron hücumları Kotovsk şəhərində və Moskva vilayətinin Elektrostal şəhərində yerləşən şirkətin logistika mərkəzlərinə həyata keçirilib. Şirkət bildirib ki, Elektrostaldakı anbarla bağlı ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Moskva vilayətinə dron hücumunu regionun qubernatoru Andrey Vorobyov da təsdiqləyib. Onun sözlərinə görə, Noginsk şəhərində neft bazasında yanğın baş verib. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı doğum evinin təxliyəsi həyata keçirilib.
Vorobyovun məlumatına görə, Moskva vilayətinə dron hücumu nəticəsində ümumilikdə 26 nəfər yaralanıb. Onlardan 2-si Noginskdə, daha 24 nəfər isə Elektrostalda, Wildberries logistika mərkəzinin ərazisinə dron qalıqlarının düşməsi nəticəsində xəsarət alıb. Qubernatorun sözlərinə görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.