Ukrayna dronlarının genişmiqyaslı hücumu nəticəsində Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanında yanğın baş verib
Ukrayna dronlarının genişmiqyaslı hücumu nəticəsində Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanında yanğın baş verib. Bu barədə “BBC” Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun açıqlamasına istinadən məlumat yayıb.
Daha sonra Drozdenko bildirib ki, Ust-Luqa limanına hücumun “bütün nəticələri aradan qaldırılıb” və hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Medianın məlumatına görə, Ust-Luqa dəniz limanı Baltik dənizinin ən böyük limanlarından biridir və Rusiya üçün mühüm neft və neft məhsulları ixracı mərkəzidir. Liman bundan əvvəl də dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb.
Eyni zamanda, Latviyanın hava məkanına xarici mənşəli dron daxil olub. NATO missiyası çərçivəsində patrul həyata keçirən qırıcılar dronu vurublar. Dronun mənşəyi ilə bağlı bu mərhələdə rəsmi məlumat yayılmayıb.