Ukrayna dronları Rusiyanın bir neçə regionuna hücum edib
Ukrayna dronları Rusiyanın bir neçə regionuna hücum edib. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri əvvəlcə 11, daha sonra isə daha 10 dronu vurub. BBC-nin məlumatına görə, hücumlar səbəbindən Moskvanın bir neçə hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Başqırdıstanın rəhbəri Radiy Xabirovun açıqlamasına görə, Ufa şəhərinə altı dronla hücum edilib. Onun sözlərinə görə, dörd dron vurulub, biri sənaye zonasına düşərək yanğına səbəb olub, digəri isə yaşayış evinə çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Dron hücumları barədə Nijni Novqorod vilayətindən də məlumat yayılıb. Vilayətin qubernatoru Qleb Nikitinin sözlərinə görə, gecə ərzində regiona edilən 52 dron hücumunun qarşısı alınıb.
Onun sözlərinə görə, iki fərdi evə ziyan dəyib, çoxmənzilli binanın şüşələri sınıb və avtomobillər zədələnib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Bununla yanaşı, Ukraynanın Zaporojye şəhərinə Rusiya hərbçilərinin həyata keçirdiyi dron hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Ukrayna vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib.