Ukrayna–ABŞ sülh planına əsasən, ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddəni əks etdirən təhlükəsizlik zəmanətləri verəcəklər, Avropa İttifaqına üzvlük üçün tarix müəyyən ediləcək
Ukrayna–ABŞ sülh planına əsasən, ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddəni əks etdirən təhlükəsizlik zəmanətləri verəcəklər, Avropa İttifaqına üzvlük üçün tarix müəyyən ediləcək

 

Ukrayna və ABŞ tərəfindən birgə tərtib edilən 20 bəndlik sülh planında Amerika Birləşmiş Ştatları, NATO və imza atan Avropa dövlətlərinin Ukraynaya 5-ci maddəni əks etdirən təhlükəsizlik zəmanətləri verəcəkləri deyilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə əsasən, bu bənd aşağıdakı komponentlərdən ibarətdir: Rusiya Ukraynaya hücum edərsə, koordinasiyalı hərbi reaksiyadan başqa, Rusiyaya qarşı bütün qlobal sanksiyalar bərpa olunacaq; Ukrayna Rusiyaya hücum edərsə və ya təxribat olmadan Rusiya ərazisinə atəş açarsa, təhlükəsizlik zəmanətləri etibarsız hesab ediləcək. Rusiya Ukraynaya atəş açarsa, təhlükəsizlik zəmanətləri qüvvəyə minəcək; bu müqavilə ilə ikitərəfli təhlükəsizlik zəmanətləri istisna edilmir.

Sülh planına əsasən, həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün tarix müəyyən ediləcək və ölkə Avropa bazarına qısamüddətli imtiyazlı çıxış imkanı əldə edəcək.

Zelenski bildirib ki, hazırda bu, ABŞ və Ukrayna arasında Avropanın təsdiqi olmadan ikitərəfli müzakirədir. Eyni zamanda, Zelenski xüsusilə qeyd edib ki, Ukrayna Avropa İttifaqına qoşulmaq üçün konkret tarix istəyir, çünki bu, Kiyevin təhlükəsizliyinin təminatlarından biridir.

Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ tərəfindən birgə işlənilib hazırlanmış sülh planının iyirmi bəndini təqdim edib.