“Ukrainskaya Pravda” – Əgər Ukraynada prezident seçkiləri indi keçirilsə, Volodimir Zelenski ikinci yeri tutacaq
Ukraynada prezident seçkiləri əgər 2025-ci ilin fevralında keçirilsə, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujni qalib gələcək, hazırkı prezident Volodimir Zelenski ikinci yeri tutacaq , üçüncü yeri isə beşinci prezident Petro Poroşenko tutacaq.
Bu haqda məlumatı Ukraynanın “Ukrainskaya Pravda” nəşri “Socisis” sosioloji mərkəzi və “Gradus Research” sosioloji şirkətinin keçirdiyi sorğunun nəticələrinə istinadən dərc edib.
“Socisis”in göstəricilərinə əsasən, 2025-ci ilin fevralına olan vəziyyətə görə, hazırkı prezidentin reytinqi təxminən 16% təşkil edir. Hansı namizədi dəstəkləyəcəklərinə artıq qərar verən seçicilər arasında bu göstərici 22%-ə yüksəlir.
“Gradus Research” sosioloji şirkəti Donald Trampın Zelenskinin aşağı reytinqi ilə bağlı rezonans doğuran bəyanatlarından sonra 1000 respondent arasında ekspress sorğu keçirib. Nəticələrə əsasən, Zelenskinin reytinqi 23% təşkil edir.