Üçüncü Şio – Xristianlıq torpağımızı-suyumuzu, dilimizi, kimliyimizi, milliyyətimizi qoruyub saxlayıb və bu günədək bizə sahib çıxıb, bu yoldan dönməsək, Gürcüstanı həmişə hifz edən Tanrının lütfü bizləri yenə də qoruyacaq
Sizi bugünkü möhtəşəm bayram Svetitsxovloba, Müqəddəs Rəbbin Köynəyinin anımı, müqəddəs həvarilərə tay olan Çar Mirian və Çariça Nananın anım günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün sevincimizin və minnətdarlığımızın səbəbi böyükdür. Bu il Gürcüstan xristianlığın dövlət dini elan olunmasının 1700 illiyini qeyd edir. Svetitsxoveli möhtəşəm məbədində toplanaraq birlikdə Rəbbə həmd edir və kilsəmiz, ölkəmiz üçün bu son dərəcə mühüm hadisəni qeyd edirik. Hər birinizi bu tarixi gün münasibətilə təbrik edirəm – bu barədə ümumi Gürcüstanın Katolikos-Patriarxı Üçüncü Şio Svetitsxoveli məbədindəki moizəsi zamanı açıqlayıb.
Patriarxın sözlərinə əsasən, Gürcüstanın tarixi göstərir ki, çoxlu sınaq və süquta baxmayaraq, gürcü xalqı heç vaxt Məsihin yolundan dönməyib.
“Bu gün xüsusilə keçmişimiz, indimiz və gələcəyimiz haqqında düşünürük, bu qədər fırtınalara baxmayaraq, gürcü millətinin xilasını təmin edən o qüvvə nə idi və nədir? Rəbb İsa Məsih buyurur: “Yol, həqiqət və həyat mənəm”. Gürcüstanın tarixi göstərir ki, çoxlu sınaq, süqut və ya günahlara baxmayaraq, gürcü xalqı Məsihin yolundan heç vaxt dönməyib və Rəbb də öz lütfü və mərhəməti ilə bu yolda bizə həmişə kömək olub və yol göstərib.
Tanrının təqdiri ilə, hələ birinci əsrdə xristianlığın ən böyük müqəddəsliklərindən birinin — Məsihin müqəddəs köynəyinin gətirilməsi ilə kilsəmizin və millətimizin Məsih sevgisi ilə qidalanan tarixi başladı. Bu millətimizin Məryəm Ananın pənahına verilməsi və Məsihin həvarilərinin — İlk çağırılan Andria, Svimon Kananlı, Matata, Bartolmay və Tadayın vəzi ilə müşaiyət olundu. Bu həvari yolunun və əməyinin davamını dördüncü əsrdə Tanrının təqdiri və əqdəs Məryəm Ananın xeyir-duası ilə ölkəmizə tərəf yola düşən və öz vəzi ilə gürcü millətini həqiqətə, həyata, Rəbb İsa Məsihin Özünə qovuşduran müqəddəs həvarilərə tay olan, bakirə Nino öz üzərinə götürdü. Onun tərəfindən Çar Mirian və Çariça Nananın imana gətirilməsi isə xristianlığın dövlət dini elan edilməsi ilə bu mənəvi seçimi taclandırdı, bu beşinci əsrdə müqəddəs Çar Vaxtanq Qorqasalinin əməyi ilə Gürcüstan Kilsəsinə avtokefaliya bəxş edilməsi ilə müşaiyət olundu. Bu böyük, dindar çarın məhz bu müqəddəs məbəddə uyuması rəmzi məna daşıyır. Əlbəttə, qeyd olunan hadisələr arasında Məsihin müqəddəs köynəyinin ölkəmizə gətirilməsi və Mtsxetaya, Svetitsxoveli müqəddəs məbədinə qoyulması müstəsna əhəmiyyət kəsb edir. III əsrin böyük xadimi və şəhidi Karfagenli Müqəddəs Kiprianın təliminə görə, Rəbbin Köynəyi Tanrıdan gələn birliyin rəmzidir, libas sahibinin onu pozmağa haqqı yoxdur. O yazır: “Məsihin kilsəsini pozan və bölən şəxs Məsihin libasına sahib ola bilməz”. Bölünməz libas eyni zamanda vahid Kilsənin rəmzidir və müvafiq olaraq Kilsənin başının, yəni Rəbb İsa Məsihin Özünün rəmzidir. Əcdadlarımız yaxşı anlayırdılar ki, köynəyə sahib olmaq Rəbbin böyük xeyir-duasıdır, bu da Tanrı tərəfindən müəyyən edilmiş mənəvi missiyanı, libasın qorunmasını bildirir, bu isə Kilsənin birliyinə qayğı göstərmək və onun müdafiəsi üçün fədakarlıq etmək deməkdir.
Köynəyə sahib olmaq mənəvi möhkəmlik, həqiqəti qəbul etməyə və qorumağa hazır olmaq deməkdir, bunu gürcü xalqı özünün bütün tarixi boyu belə qüdrətlə nümayiş etdirib. Svetitsxovelinin ucaldılması bizim üçün yeni şüurun bərqərar olmasının, mənəvi dövrün başlanğıcına çevrildi. Tanrının nurunu saçan və mirra axıdan sütun möcüzəsi ilə gürcü millətinə Tanrının təqdiri və qüdrəti, lütfü və sonsuz mərhəməti nümayiş olundu” – Üçüncü Şio açıqlayıb.
Patriarxın bəyanatına əsasən, Svetitsxoveli gürcü millətinin inancının, birliyinin və milli şüurunun ən mühüm ifadələrindən birinə çevrilib.
“Svetitsxoveli məbədində Əhdi-Ətiq və Əhdi-Cədidin mənəvi irsi bir növ birləşib. Kilsənin birliyi və bölünməzliyinin rəmzi olan Rəbbin Müqəddəs Köynəyi, Məsihin doğulmasından altı əsr əvvəl yəhudilər tərəfindən torpağımıza gətirilmiş və Əhdi-Ətiqin ən böyük müqəddəs yadigarlarından biri sayılan Müqəddəs Peyğəmbər İlyasın xirqəsi ilə yanaşı burada qorunur. Bu böyük müqəddəsliklərə və Məsihin yoluna sədaqət millətimizin xilasını təmin etdi. Böyük xadimlərimiz bizə həmişə bunu nəsihət edərdilər. Müqəddəs İlia Saleh Cavcavadzenin yazdığı kimi: “Gürcüstan Məsih üçün əzab çəkdi, xaçda çarmıxa çəkildi və tikanlı tac geyindi, lakin heç kimin həqiqi inamı sarsıtmasına imkan vermədi”. Xristianlıq torpağımızı-suyumuzu, dilimizi, kimliyimizi, milliyyətimizi qoruyub saxlayıb və bu günədək bizə sahib çıxıb. Ona görə də dərindən inanıram ki, bu yoldan dönməsək, Gürcüstanı görünən və görünməyən düşmənlərdən həmişə hifz edən Tanrının lütfü bizləri yenə də qoruyacaq və hifz edəcək. Rəbb bu mənəvi meydanı düzgün başa vurmaq üçün bizə güc versin” – Üçüncü Şio açıqlayıb.
Bununla yanaşı, Üçüncü Şio İkinci İlianın yarım əsrə yaxın fəaliyyətinin millətimizdə həqiqi inancın möhkəmlənməsi və mənəvi intibah üçün yorulmaz xidmət, ata qayğısı və dua olduğunu qeyd edib.
“Bu əlamətdar gündə xüsusi sevgi və minnətdarlıqla xatirəsi əziz tutulan ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianı yad edirik. Onun yarım əsrə yaxın fəaliyyəti millətimizdə həqiqi inancın möhkəmlənməsi və mənəvi intibah üçün yorulmaz xidmət, ata qayğısı və dua olmuşdur. Məhz onun böyük zəhməti bu gün şahidi olduğumuz bəhrələri verdi. Kilsə də, xalq da, hakimiyyət də birlikdə Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edirik” – Üçüncü Şio açıqlayıb.
Patriarxın izahına əsasən, bu gün həmçinin əqdəs Məryəm Ananın Pənahı bayramı qeyd olunur, bu da Tanrı Anasının bizi hər növ bəladan və həyat fırtınalarından qoruduğunu bir daha xatırladır. Bu səbəbdən kədər və ya sınaq vaxtlarında Ona pənah aparmalıyıq və O, mütləq bizə kömək olacaqdır.
“Sizi bugünkü gün münasibətilə bir daha təbrik edirəm, Tanrı sizə yar olsun və qüvvətləndirsin. Əqdəs Məryəm Ananın vasitəçiliyi ilə, Müqəddəs Rəbbin Köynəyinin və Svetitsxovelinin lütfü ilə Tanrı Gürcüstanı qorusun, qüvvətləndirsin və bütövləşdirsin. Rəbb Öz xalqına qüdrət versin, Rəbb Öz xalqını sülhlə xeyir-dualandırsın, amin” – Üçüncü Şio açıqlayıb.